Onun üz maskasının ən kiçik, kiçik, orta və böyük ölçüləri var. Şərti ölçüləri üz maskasının üzərində aşağıdakı formada yazılır:
Əleyhqazın üzlük hissəsinin lazımi ölçüsünü tapmaq üçün üfüqi və şaquli ölçü kəmiyyətlərini (sm-lə) cəmləyir və lazımi ölçünü cədvəl üzrə müəyyən edirlər.
Üfüqi ölçü: qaşların üstü, qulaqların üst tərəfi və boyun arxasından keçən dairəvi xətdir.
Şaquli ölçü: kəllə–yanaq–çənəaltı dairəvi xətdir.
Ölçmənin nəticəsi | Tələb olunan ölçü |
121 sm-ə qədər | 1 |
121,5–126 sm-ə qədər | 2 |
126,5–131 sm və daha çox | 3 |
Süzücü əleyhqazdan istifadə qaydaları. Şəraitdən asılı olaraq süzgəc tipli əleyhqaz “Yürüş”, “Hazır” və “Döyüş” vəziyyətində gəzdirilir. “Yürüş” vəziyyətində əleyhqaz çantası qayışı sağ tərəfdən keçirilməklə sol yandan asılır, yuxarı həddi kəmər səviyyəsində, qapağı çölə və bağlı olur. Yeriş zamanı sol əlin hərəkətinə mane olmaması üçün çanta arxaya çəkilir. Əleyhqaz “Hazır” vəziyyətə “Əleyhqazı hazırla!” komandası ilə gətirilir. Bu komanda ilə əleyhqaz qabağa çəkilir, bağla bel nahiyəsinə bərkidilir, çantanın qapağı açılır.
Əleyhqaz “Döyüş” vəziyyətinə “Qazlar”, “Kimya həyəcanı” komandaları ilə, yaxud sərbəst olaraq radioaktiv çirklənmə, zəhərləyici maddələr, bakterioloji (bioloji) vasitələr aşkar edildiyi zaman gətirilir. Bunun üçün tənəffüs saxlanılır, gözlər yumulur, baş geyimi çıxarılır, hər iki əlin dörd barmağı ilə şlem-maskanın aşağı hissəsinin qalınlaşdırılmış kənarından tutaraq (baş barmaq kənarda qalır) şlem-maska çənəyə, əllərin yuxarı və arxaya cəld hərəkəti ilə başa geyilir (bu zaman şlem-maskada qırışlar olmamalı, gözlüklər qovşağı gözlərin önündə olmalıdır), nəfəs tam buraxılır, gözlər açılır və tənəffüs bərpa edilir.
Əleyhqaz “Kimyəvi həyəcan sovuşdu!”, yaxud “Əleyhqazı çıxarın!” komandası ilə çıxarılır.