Bioloji silah tətbiq olunan ərazilərdə bioloji zədələnmə ocağı yaranır.
Bakterioloji (bioloji) zədələnmə ocağında infeksion xəstəliyin yayılmasının qarşısını almaq üçün xüsusi rejim – karantin rejimi qoyulur.
Karantin bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktik tədbirlər sistemidir. Karantinin məqsədi zədələnmə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldırmaqdır. Rejimli tədbirlərə bunlar aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qruplara bölmək, komendant xidməti yaradaraq əraziyə giriş və çıxışı qadağan etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağa qoymaq, ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.
Epidemiya əleyhinə tədbirlər:
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər, tədris ocaqlarında dərslər dayandırılır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına yalnız mülki müdafiə qərargahı rəisi tərəfindən xüsusi icazəsi olanlar buraxılır. İşini davam etdirən obyektlər xüsusi rejimə keçirilir, işçiləri kiçik qruplara bölünür, onlar arasında əlaqə azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur. Ərzaq və su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti axırıncı xəstənin təcridindən, şəxsi heyətin tam sanitar təmizlənməsi və yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra ləğv edilir.