Radioaktiv zəhərlənmə zonalarında görülən tədbirlər. Burada radiasiyanın səviyyəsini müəyyən etmək üçün kəşfiyyat işləri aparılır, xəstəlik və ölümün sayı hesablanır, görüləcək işlərin (baytar emalı, heyvanların müalicəsi və ya məhv edilməsi, tikilinin, yemin, suyun dezaktiva siyası və s.) həcmi müəyyən edilir. Radioaktiv zəhərlənmə zonasında heyvanların mühafizə və saxlanma rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır.
Kimyəvi silah tətbiq olunan ərazilərdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi zəhərlənmə ocağı kimyəvi silahın zəhərli maddələri (ZM) və ya güclü təsirə malik zəhərli maddələr (GTZM) nəticəsində həmin ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verdiyi əraziyə deyilir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya ayrılır. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi respiratorlardan istifadə olunur.
Ərazinin, eləcə də kənd təsərrüfatı heyvanlarının saxlanıldığı yerin zəhərləyici maddələrdən təmizlənməsi böyük qüvvə və vasitələrin sərfiyyatını tələb edir.