Müharibənin ilk günündən əks-hücuma keçən Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr endirdi. Qələbəyə nail olmaq üçün, ilk növbədə, havada üstünlüyü ələ keçirmək vacib şərtdir. Bunun üçün düşmənin Hava Hücumundan Müdafiə (HHM) vasitələrini sıradan çıxarmaq lazım idi.
Bu vasitələrin aşkara çıxarılıb məhv edilməsi üçün pilotlarımız köhnə AN–2 (Antonov-2) təyyarələrini havaya qaldırıb ona müəyyən istiqamət verərək tullanırdılar. Bunu döyüş təyyarəsi hesab edən düşmən onu atəşə tuturdu. Müəyyən edilən atəş nöqtələri isə PUA-larla məhv edilirdi. Müharibənin ilk günlərində Ermənistan Müdafiə Nazirliyi hər gün Azərbaycanın bir neçə döyüş təyyarəsinin vurulduğunu fəxrlə bəyan edirdi. Onlar həqiqəti anlayanda isə artıq gec idi. Düşmənin HHM vasitələri darmadağın edilmişdi.
Cənub-qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabr ayının 4-də Cəbrayıl şəhərini və bir neçə kəndi işğaldan azad etdi. Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz tarixi Turan taktikasını tətbiq edərək düşmənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə aldı. Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən düşmən hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliyyatda 27 düşmən tankı qənimət kimi ələ keçirildi, onlarla hərbi texnika məhv edildi.
Oktyabrın əvvəllərində Ağdərə istiqamətində düşmənə zərbə endirən qoşunlarımız Suqovuşan yaşayış məntəqəsini azad etdi. Oktyabrın 9-da Hadrut qəsəbəsi düşməndən təmizləndi.