Fövqəladə hallar zamanı ailənizin təhlükəsizliyini təmin etmək və təşvişin
qarşısını almaq məqsədilə ailə üçün plan hazırlanması tövsiyə olunur.
Ailənin fövqəladə hallara hazırlıq planı:
- Yaşadığınız bölgə üçun xarakterik olan fövqəladə halları əvvəlcədən müəyyən
edin;
- Həmin fövqəladə hallara hazırlıq, onların qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasına dair davranış qaydalarını öyrənin, ailənin hər
bir üzvünün bilməsinə əmin olun;
- Çalışdığınız yerlərdə (iş yeri, məktəb, bağça və s.) fövqəladə hal planı
(təxliyə planı) ilə tanış olun;
- Ailə üzvlərinizlə kənarda görüş yeri təyin edin. Əmin olun ki, ayrı düşdükdə
hamı bir-biri ilə nə vaxt və necə əlaqə saxlayacağını bilir;
- Aidiyyəti qurumlardan başqa, fövqəladə hallar zamanı əlaqə saxlaya biləcəyiniz
yaxın bir adam müəyyən edin. Bütün ailə üzvləri o şəxsin telefon
nömrəsini və ünvanını bilməlidir. Fövqəladə haldan sonra həmin şəxsə
zəng edin, olduğunuz yeri və vəziyyəti söyləyin;
- Ev heyvanı saxlayırsınızsa, fövqəladə hallar zamanı onun təhlükəsizliyini
necə təmin edəcəyinizi müəyyən edin. Çünki ev heyvanları belə hallar
zamanı yaradılan sığınacaqlara buraxılmır.
Plan hazırlandıqdan sonra aşağıdakılara əməl edilməlidir:
- Ailənizlə fövqəladə hallara hazırlığı birlikdə müzakirə edin və əmin olun ki,
hər kəs öz rolunu bilir;
- Planınızı mütəmadi məşq edin, ailə üzvlərinin plan haqqında biliklərini
müntəzəm olaraq yoxlayın;
- Ehtiyat çantasını vaxtlı-vaxtında yoxlayın, istifadə müddəti bitmiş məhsulları
təzələyin.
Yadda saxlayın!
- Fövqəladə hal baş verən zaman “112” qaynar xəttinə zəng etməyi və hansı
məlumatları verəcəklərini uşaqlara öyrədin;
- Qaz və elektrik enerjisinin şəbəkədən necə ayrıldığını hər kəs öyrənib
yadda saxlasın;
- Vacib sənədlərinizi təhlükəsiz yerdə saxlayın və onların bir surətini etibar
etdiyiniz şəxsə verin.