Döyüşlər 2020-ci il 12 iyulda Tovuz rayonu istiqamətində mövqelərimizin artilleriya atəşinə tutulması ilə başlandı. Ordumuz düşmənin hücum cəhdinin qarşısını aldı. Dəqiq atəş ilə düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edildi.
İyulun 14-ü Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəd boyu kəndlərimizi atəşə tutaraq hücum etdi. Hücumun qarşısını dəf edən zaman general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə döyüşçümüz şəhid oldu. General-mayor Polad Həşimovun və silahdaşlarının şəhadəti ordumuzun səbir kasasını daşırdı. Əks-hücumla düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, düşmən müdafiəsinin dərinliyindəki ehtiyatları və canlı qüvvəsi məhv edildi.
Ermənistan bu döyüşlərdə üstünlük qazansa idi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Böyük İpək yolu, Bakı-Tbilisi-Qars dəmiryolu xətti təhlükə altına düşəcəkdi. Rəşadətli ordumuz düşmənin və onun havadarlarının bu məkrli planını alt-üst etdi.
Hərbi qulluqçular arasında böyük hörmət qazanan səngər generalının şəhadəti ərazilərimizi işğaldan azad etmək istəyən bütün vətənpərvər insanların səfərbərlik idarələrinə üz tutması ilə nəticələndi. Erməni təxribatları isə ara vermirdi. 2020-ci ilin avqust ayında təmas xəttini keçməyə çalışan kəşfiyyat diversiya qrupu hərbçilərimiz tərəfindən zərərsizləşdirildi. Qrupun rəhbəri əsir götürüldü. Bütün bunlar Ermənistanın yeni müharibəyə hazırlaşdığının anonsu idi.