Vurduğu ziyana, insan tələfatına və törətdiyi dağıdıcı təsirlərə görə zəlzələ təbii fəlakətdir. O, tektonik, vulkanik, uçqun təbiətli olmaqla meteoritlərin düşməsi nəticəsində və ya dənizin dibində baş verə bilər. MDB-də il ərzində orta hesabla 500, təkcə Yaponiyada isə 7500 zəlzələ qeydə alınır.
Zəlzələ nəticəsində baş verən dağıntılar. Seysmik dalğalar zəlzələ mərkəzindən çox böyük məsafələrə yayılaraq dağıntılar və kombinasiyalı təsir ocaqları yaradır. Yeraltı zərbənin yaranma ərazisi zəlzələnin ocağı, ocağın mərkəzində yerləşən nöqtənin yer səthindəki proyeksiyası isə episentr adlanır. Güclü zəlzələlər zamanı süxurun bütövlüyü pozulur, tikililər dağılır, kommunikasiyalar, enerji obyektləri sıradan çıxır, yanğınlar olur və insan tələfatı baş verir. Zəlzələlər, adətən, müxtəlif intensivlikli xarakterik səslərlə müşayiət olunur ki, bunlar da ildırım çaxmalarına, gurultu və partlayış səslərinə bənzəyir. Bu əlamətlər barədə məlumatlı insanlar üçün ilk saniyələr də xilasedici ola bilər. Yaşayış rayonlarında və meşə massivlərində qalaqlanmalar, böyük ərazilərdə torpaq sürüşmələri baş verir və nəticədə avtomobil və dəmir yolları sıradan çıxır, yaxud deformasiyaya uğrayır. Zəlzələ suyun altında baş verdikdə böyük dalğalar – sunami yaranır ki, bunlar da sahilyanı rayonlarda güclü dağıntı və daşqınlara səbəb olur.