O, mülki müdafiə rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan məlumatları toplayır, təhlil edir və ümumiləşdirir.
Yaranmış vəziyyət barədəki məlumatlar dərhal mülki müdafiə rəhbərinə və yuxarı qərargaha təqdim edilir, tabelikdəki qərargahlara çatdırılır.
Plana obyektin sxemi əlavə edilir. Burada idarəetmə məntəqələri, mühafizə qurğuları və kəşfiyyat bölmələrinin yerləri, onların fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra qayıdacaqları toplanış məntəqələri şərti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı, konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və nəticələr barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində bilavasitə obyektdə, habelə düşmən basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu onun komandirindən, rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı, 800 m-dək zolaqda, yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi dozimetrlə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini, ölçülmə vaxtını jurnalında qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır.