Sadə daldalanacaq ən qısa müddətdə düzəldilən üstüaçıq və ya örtülü xəndəklərdən, səngərlərdən, qazmalardan ibarətdir. Bu cür daldalanacaqlar kütləvi qırğın silahlarının zədələyici təsirini azaldır. Düşmən hücumu təhlükəsi olduqda bu iş əhalinin köməyi ilə ən qısa müddətdə həyata keçirilir.
Qazma tipli sadə daldalanacaqlardan müvəqqəti yaşayış üçün də istifadə etmək olar. Lakin zəhərləyici və bakterial maddələrdən üstüörtülü səngərdə mühafizə olunmaq mümkün deyil. Belə hallarda səngərlərdə daldalanarkən fərdi mühafizə vasitələrindən – tənəffüs üzvlərini və bədənin səthini qoruyan vasitələrdən istifadə edilməlidir.
Nəzərə almaq lazımdır ki, xəndəklər, səngərlər və digər sadə daldalanacaqlar əhalinin mühafizəsi üçün əsas vasitə sayılmır, onlar yalnız yardımçı vasitələrdir. Bunlar əsas mühafizə qurğuları kifayət etmədiyi hallarda qısa müddətdə düzəldilir.
Səngər tikmək üçün relyefin xarakteri nəzərə alınmalıdır. Leysan yağışlar yağarkən və qar əriyərkən su basa biləcək yerlərdə, torpağın sürüşmə ehtimalı olan ərazilərdə, magistral qaz, istilik, su kəmərləri yaxınlığında səngər tikmək olmaz. Səngərlər bir-birindən, ən azı, 10 m məsafədə düzəldilməlidir.