Yaşayış binalarından radiasiya əleyhinə daldalanacaq kimi istifadə etmək üçün qalın (ən azı, 40 sm) divarları və qapı-pəncərələri az olan daş binaların içəri otaqlarından istifadə edilir. Belə binaların mühafizə xassələrini artırmaq üçün pəncərə yerlərini divar qalınlığında hörmək, evin damına 30–40 sm qalınlıqda torpaq tökmək lazımdır. İçəriyə radioaktiv toz keçməsin deyə qapılar kipləşdirilməli, çərçivənin bütün ətrafı boyu rezin, brezent və ya keçə vurulmalıdır. İçəri tərəfdən qapıya qalın materialdan tikilmiş pərdə asılmalıdır. Havanı dəyişmək üçün binadakı bacalardan havasorucu boru kimi istifadə etmək olar.
Kənd yerlərində yerli və köçüb gələn əhali üçün radiasiya əleyhinə daldalanacaqlar kifayət qədər olmadıqda binalardan kənarda radiasiya əleyhinə daldalanacaqlar tikmək lazımdır. Bunlara qazma tipli radiasiya əleyhinə daldalanacaqlar deyilir. Belə daldalanacaqların qoruyucu xassələri daha etibarlı olur.