Sığınacağın hermetikliyini təmin etmək üçün qapı tayları ilə çərçivələr arasında rezin araqatlar qoyulur. Süzücü-havalandırma vasitəsilə sığınacağın daxilində havanın təzyiq artıqlığı yaradılır. Bu, içəriyə hava sorulmasına imkan vermir.
Sığınacaqda davranış qaydaları. Sığınacağa ev heyvanları, iri əşyalar, tezalışan maddələr gətirmək, burada lüzumsuz olaraq gəzmək, papiros çəkmək, ucadan danışmaq, elektrik lampasını yandırıb-söndürmək, qapıları icazəsiz açıb-bağlamaq, şam yandırmaq, buradakı alətləri icazə olmadan işlətmək, xüsusi göstəriş verilməyincə sığınacaqdan çıxmaq olmaz.
Sığınacaqda əvvəlcə uşaqlar, qocalar və əlillər istirahət etməlidirlər. Sığınacaq zədələnərkən dərhal əleyhqaz geyinmək və qəza hallarının aradan qaldırılmasına kömək etmək lazımdır. İnsanların sığınacaqda qalması müddəti yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiə qərar gahları tərəfindən müəyyən edilir. Bütün hallarda sığınacaqda olanlar ancaq xidmət manqası komandirinin göstərişi ilə oranı tərk edə bilərlər.
Sığınacağın təchizatı. Sığınacaqda ərzaq və su ehtiyatları (bir nəfər üçün gündə 2 litr, sanitariya-gigiyena üçün 5 litr), dərmanlar və s. olur. Bunlardan başqa, yanğınsöndürmə avadanlığı, müxtəlif alətlər, radiasiya, kimya kəşfiyyatı cihazları və digər lazım olan ləvazimatlar saxlanılır. Sığınacaqda elektrik, kanalizasiya, istilik sistemləri, radio və telefon olur.
Binadan ayrı tikilən sığınacaqlar tamamilə və ya qismən yerin altında, möhkəm inşaat materiallarından inşa edilir. Onların üstü və yanları torpaqla örtülür. Qapısında sığınacağın nömrəsi, hansı müəssisəyə mənsub olduğu, açarların harada və kimdə saxlanıldığı (məsul şəxsin vəzifəsi və telefon nömrəsi) iri hərflərlə yazılır.
Sığınacaqlar insanlar işləyən (yaşayan) yerdən, ən uzağı, 400 m məsafədə, su basmayan sahələrdə tikilir. Onun yaxınlığında yanğın və partlayış qorxusu törədən maddələrin yerləşdirilməsinə yol verilmir.
Sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyatları üçün, müharibə dövründə isə insanların daldalanıb mühafizə olunması məqsədilə istifadə edilir.