Köçürülmə tədbirləri sülh dövründə baş vermiş fövqəladə hallarda (təbii fəlakətlər, qəzalar zamanı) və müharibə dövründə (kütləvi qırğın vasitələri tətbiq edilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürülmənin mahiyyəti əhalinin iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli rayonlarda yerləşdirilməsindən ibarətdir. Köçürülmə sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan adamların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.
Təhlükəsiz zona düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.