Məsələn:
“Diqqət! Diqqət! Danışır mülki müdafiə qərargahı!
Vətəndaşların nəzərinə! Boya kombinatında baş vermiş qəza nəticəsində ətrafa
güclü təsirə malik zəhərli maddələr yayılmışdır. Zəhərli hava buludu Bakıxanov
qəsəbəsi ərazisinə tərəf irəliləməkdədir. Bu ərazidə kimyəvi zəhərlənmə zonası
yaranmışdır. Sülh və Gənclik küçələrində yaşayan əhaliyə evlərdən çölə çıxmamaları
və mənzillərini kipləşdirərək orada daldalanmaları tövsiyə olunur.
S.Mehmandarov və M.Fətəliyev küçələrinin sakinləri dərhal evlərini, bu ərazidə
yerləşən müəssisə və idarələrin işçiləri iş yerlərini tərk edib “Olimpiya stadionu”
ərazisinə çıxsınlar. Bundan sonra sizdən mülki müdafiə qərargahının göstərişlərinə
uyğun davranmanız tələb olunur”.
Bəzi təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Yazda,
yaxud payızda baş verəcək daşqınların müddətini və miqyasını bir qədər əvvəl
müəyyən etmək olur. Sel təhlükəsi hallarında ancaq 10–20 dəqiqə, bəzən isə
1–2 saat əvvəlcədən xəbərdarlıq etmək mümkündür.
Məsələn:
“Diqqət! Diqqət! Danışır rayonun mülki müdafiə qərargahı!
Vətəndaşların nəzərinə! Əyriçay, Beşikçay və Talıstançay çaylarında suyun səviyyəsinin
yüksəlməsi nəticəsində Qəzli və Mican kəndlərini su basacağı ehtimal
olunur. Həmin ərazilərdə yaşayanların sənəd və vacib əşyalarını götürmələri,
qaz, elektrik cihazları və sobaları söndürmələri, 3 №-li
orta məktəbin binasında
qeydiyyatdan keçib təhlükəsiz yerə köçürülmək üçün yeni avtovağzala gəlmələri
tələb olunur. Bu barədə qonşularınızı məlumatlandırmağınız və veriləcək
xəbərləri diqqətlə dinləməyiniz, göstərişlərə dəqiq riayət etməyiniz vacibdir”.
Belə xəbərlər verilərkən hər kəs təmkinli olmalı, mütəşəkkil və intizamlı davranmalıdır.
Yerli hökumət orqanlarının, mülki müdafiə qərargahlarının göstərişləri
ilə fəlakətlərlə mübarizədə və onun nəticələrinin aradan qaldırılmasında
hamı fəal iştirak etməlidir.
Düşmən hücumu barədə xəbərdarlıq
Düşmən hücumu barədə yerli icra orqanları tərəfindən əhaliyə xəbərdarlıq
edilir. Təbii fəlakət və qəzalarda olduğu kimi, internet, radio və televiziya, eləcə
də müxtəlif mətbuat orqanları vasitəsilə əhali məlumatlandırılır.
Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox mürəkkəb ola bilər.
Hücum təhlükəsi yaranan andan düşmənin real hücum edəcəyi anadək nə
qədər vaxt keçəcəyini indiki şəraitdə əvvəlcədən müəyyən etmək çətindir.