1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün milli ordu quruculuğuna başladı.
Müstəqilliyimizin ilk illərində, tarix boyu olduğu kimi, ölkəmizə qarşı ərazi iddialarına əl atılmış, nəticədə Qarabağ və ətraf rayonlar işğal edilmişdir. 1992-ci il iyunun 12-də ordumuz genişmiqyaslı uğurlu hücum əməliyyatı həyata keçirərək Əsgəran rayonunun şimal və cənubunda bəzi yaşayış məntəqələrində nəzarəti ələ keçirmişdi.
1994-cü ildə hərb tariximizə Horadiz əməliyyatı kimi daxil olmuş döyüşdə qoşunlarımız Horadiz qəsəbəsi daxil olmaqla xeyli yaşayış məntəqəsini işğaldan azad etdi.
1994-cü ilin may ayında imzalanan atəşkəs razılaşmasından sonra ordu quruculuğunda yeni mərhələ başladı. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi. Milli kadrların hazırlanmasına dair əhəmiyyətli qərarlar qəbul edildi və ordunun müdafiə qüdrətinin artırılması istiqamətində vacib addımlar atıldı. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq başlandı. Bunun nəticəsidir ki, Azərbaycan Sülhməramlı Qüvvələri Kosovo, Əfqanıstan və İraqda beynəlxalq əməliyyatlarda iştirak etmişdir.
2016-cı ilin aprel döyüşlərində ordumuzun qazandığı uğurlar mühüm hadisə kimi hərb tariximizə yazıldı. Bölmələrimiz qarşılarına qoyulan döyüş tapşırıqlarını qısa müddətdə uğurla yerinə yetirməklə cəbhə xəttinin konfiqurasiyasını və psixoloji üstünlüyü xeyrimizə dəyişdi. Füzuli istiqamətində el arasında “Lələtəpə” adlandırılan Lələilahi dağının ələ keçirilməsi ilə həmvətənlərimizin Cocuq Mərcanlı yaşayış məntəqəsinə qayıdışı təmin olundu. Horadiz şəhəri və ətraf kəndlər düşmənin hətta artilleriyası üçün əlçatmaz oldu.