Mülki müdafiə manqalarına cəlb edilmiş bütün vətəndaşlar bu dəstələrin işində
(məşğələlərdə, məşqlərdə, təlimlərdə) fəal iştirak etməyə borcludur. Bu tədbirlərdə
iştirak etməkdən heç kəs boyun qaçırmamalıdır.
Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələri
Mülki müdafiə tədbirlərində iştirak etmək hər bir vətəndaşın borcudur. Bu
məqsədlə hamıdan lazım olan hallarda əlində silah vətən uğrunda cəbhədə
vuruşmaqla yanaşı, arxada həyata keçirilən müdafiə məqsədli tədbirlərdə fəal
iştirak etmək tələb olunur.
Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının dəhşətli
nəticələri – on minlərlə insanın məhv olması, yüz minlərlə
adamın xəsarət alması hamıya məlumdur. Atom bombardmanının
fəlakətli nəticələri neçə illərdən sonra da özünü göstərməkdədir.
Mütəxəssislərin fikrincə, əgər həmin şəhərlərin əhalisi mühafizənin
qaydalarını bilmiş olsa idi və mühafizə düzgün təşkil
edilsə idi, itkilər dəfələrlə az olardı.
Əhalinin mülki müdafiə üzrə
konkret vəzifələri aşağıdakılardan ibarətdir:
- Əhali qəzalar və təbii fəlakətlər zamanı düzgün davranmalı, kütləvi qırğın
silahlarından mühafizə qaydalarını öyrənməli, mühafizə tədbirlərini əməli
icra etməyi bacarmalıdır.
- Əhali kütləvi qırğın silahlarından, qəzaların, təbii fəlakətlərin nəticələrindən
mühafizə qaydalarını dəqiq yerinə yetirməlidir.
- Hər bir kəs mülki müdafiənin bütün tədbirlərində şüurlu surətdə iştirak etməlidir.
- Əhalinin ən vacib vəzifələrindən biri – özündə və yoldaşlarında yüksək
mənəvi-psixoloji keyfiyyətlər tərbiyə etməkdir.