A nöqtəsinin bu qayda ilə tapılmış koordinatlarına onun qısa koordinatları deyilir. Kiçik ərazidə, məsələn, tək xəritə vərəqi üzərində işləyən zaman qısaldılmış koordinatlardan istifadə olunur. Koordinatların qısa yazılışı 5 rəqəmlə ifadə olunur: kilometrlərin sayı onluq və təklik, metrlərin sayı isə yüzlük, onluq və təklik mərtəbəyə qədər göstərilir.
Nöqtənin tam koordinatlarını yazmaq üçün kilometr xətlərinin ekvatordan
və ox meridianından olan məsafəsini tam yazmaq lazımdır. A nöqtəsinin yerləşdiyi
kvadratın cənub-qərb küncünün tam koordinatları X = 6074000,
Y = 4315000 olduğu üçün nöqtənin tam koordinatları X = 6074560,
Y = 4315410
olacaqdır.
Düzbucaqlı koordinatlarına görə nöqtənin xəritəyə köçürülməsi.
Koordinatları X = 6074930,
Y = 4316825 olan B nöqtəsini xəritəyə köçürmək lazımdır.
Əvvəlcə nöqtənin yerləşdiyi kvadrat tapılır. Koordinatların son üç rəqəmini
çıxdıqdan sonra yerdə qalan kilometrlərə görə kvadratı tapırıq – bu, 7416
kvadratıdır.
Kvadrat daxilində nöqtənin yeri belə təyin edilir: Nöqtənin absisindən 6074 km çıxılır, alınmış məsafə (930 m) kvadratın sol və sağ tərəfində aşağıdan yuxarıya doğru xəritənin miqyasına görə ölçülərək düz xətlə birləşdirilir. Eyni qaydada ordinatın qiymətindən 4316 km çıxdıqda alınmış məsafə (825 m) çəkilmiş xəttin üzərində soldan sağa doğru xəritənin miqyasına uyğun ölçülür və qeyd edilir. Beləliklə, koordinatları verilmiş nöqtə xəritə üzərinə köçürülmüş olur.