Xəritə üzərində nöqtələrin düzbucaqlı koordinatlarının təyini. Nöqtənin xəritə üzərində yerini təxmini göstərmək üçün onun yerləşdiyi kvadratı göstərmək kifayətdir. Bunun üçün kvadratın cənub-qərb küncünü təşkil edən üfüqi və şaquli kilometr xətlərinin uclarında yazılmış rəqəmləri – əvvəl absisi, sonra ordinatı oxumaq lazımdır. Məsələn, şəkildə təsvir olunmuş tək daşın yerini göstərmək üçün belə deyilməlidir: “Kvadrat yetmiş dörd on beş, tək daş”. Yazılış qaydası belədir: “Tək daş (7415)”.
Bəzən hədəfgöstərmədə kvadrat xəyalən 9 yerə bölünərək rəqəmlərlə işarələnir. Hədəfi göstərmək üçün əvvəl kvadratın nömrəsi deyilir, sonra isə ona hədəfin kvadrat daxilində yerini göstərən rəqəm əlavə olunur. Məsələn, şəkildəki M nöqtəsinin yeri belə göstərilir: kvadrat 7614-4, hədəf M. (Hərbi qulluqçular öz aralarında bunu ilbiz adlandırırlar.)
Hər hansı nöqtənin yerini dəqiq göstərmək üçün onun koordinatlarını təyin etmək lazımdır. Bunun üçün nöqtənin yerləşdiyi kvadratın cənub və qərb tərəflərindən təyin edilən nöqtəyə qədər ölçülmüş məsafələr müvafiq olaraq həmin xətlərin X absis və Y ordinat qiymətlərinə əlavə edilir. Məsələn, A nöqtəsinin koordinatlarını təyin etmək üçün bu nöqtədən onun yerləşdiyi kvadratın cənub və qərb tərəflərinə perpendikulyar üzrə m və n məsafələri xətkeşlə (pərgarla, koordinatölçənlə) ölçülərək miqyasa uyğun ərazidəki uzunluqları hesablanır (m = 560 m, n = 410 m).