Xəritə üzərində ölçmə və hesablama işlərini çətinləşdirən mənfi ordinat qiymətlərindən azad olmaq üçün zonanın ox meridianı şərti olaraq 500 km qərbə tərəf çəkilmişdir. Yəni hər bir zonada koordinat başlanğıcı X = 0, Y = 500 km qəbul edilir ki, bunun da nəticəsində bütün nöqtələrin ordinatları 500 km artırılmış olur. Ona görə də ox meridianından qərbdə yerləşən nöqtələrin ordinatları 500 km-dən kiçik, şərqdə yerləşən nöqtələrin ordinatları isə 500 km-dən böyük olur.
Düzbucaqlı koordinat sistemində nöqtənin vəziyyəti ancaq zona daxilində müəyyən edilir. Ordinatın qiymətləri hər bir zonada təkrarlandığından onun hansı zonaya aid olduğunu bildirmək üçün ordinatın qiymətinin əvvəlinə zonanın nömrəsi əlavə edilir. Nöqtənin koordinatlarının bu cür yazılışı tam koordinat adlanır.
Nümunə 1. Nöqtənin tam düzbucaqlı koordinatları X = 4485365, Y = 9394775. Bu o dеməkdir ki, nöqtə еkvatordan 4485 km 365 m şimalda, 9-cu zonanın ox meridianından 105 km 225 m qərbdə yerləşir (394775 – 500000 = –105225).
Nümunə 2. Tam düzbucaqlı koordinatları X = 4536185, Y = 28617440 olan nöqtə еkvatordan 4536 km 185 m şimalda, 28-ci zonanın ox meridianından 117 km 440 m şərqdə yerləşir (617440 – 500000 = 117440).