Topoqrafik xəritələrin proyeksiyası. Yer səthini xəritədə təhrifsiz təsvir etmək
üçün Yer kürəsi 6°-dən bir çəkilmiş meridianlarla 60 zonaya bölünür. Qrinviç meridianından
başlayaraq 1-dən
60-dək ərəb rəqəmləri ilə nömrələnir. Hər bir zonanın
orta meridianı ox meridianı adlanır.
Düzbucaqlı koordinatlar. Topoqrafiyada nöqtənin vəziyyətini müstəvi (xəritə) üzərində təyin edən xətti kəmiyyətlər – absis (X) və ordinat (Y) düzbucaqlı koordinatlar adlanır. Bu koordinatlar riyaziyyatda qəbul edilmiş koordinatlardan bir qədər fərqlidir.
Düzbucaqlı koordinat sistemi zonanın ox meridianı ilə ekvator qarşılıqlı perpendikulyar düz xətlər şəklində təsvir еdildiyi üçün bu xətlər koordinat oxları olaraq qəbul edilmişdir: ox meridianı – X absis, zona daxilindəki ekvator parçası isə Y ordinat oxudur. Koordinatların qiyməti şimala və şərqə doğru artır. Oxların kəsişdiyi nöqtə koordinat sisteminin başlanğıcı hesab olunur.
Koordinat oxları altı dərəcəli zonanı dörd rübə bölür. Rüblər X absis oxunun müsbət istiqamətindən saat əqrəbinin hərəkəti istiqamətində hesablanır. Zona daxilindəki istənilən M nöqtəsinin koordinat başlanğıcına nəzərən vəziyyəti koordinat oxlarına qədər olan ən qısa (perpendikulyar üzrə) məsafə ilə təyin olunur. Şəkildən göründüyü kimi, absis və ordinat qiymətləri mütləq qiymətcə eyni olsalar da, işarədən asılı olaraq M nöqtəsi koordinat zonasının dörd müxtəlif rübündə yer alır.