Coğrafi koordinat sistemində yer səthinin istənilən nöqtəsinin koordinat başlanğıcına nəzərən vəziyyəti bucaq ölçüləri ilə təyin olunur.
Coğrafi koordinat sistemi bir-birindən çox uzaq məsafələrdə yerləşən obyektlərin qarşılıqlı vəziyyətinin təyin edilməsi ilə bağlı məsələlərin həlli üçün rahatdır. Ona görə də bu koordinat sistemi, əsasən, uzaq mənzilli döyüş vasitələrinin (ballistik raketlərin, aviasiyanın və s.) tətbiqi ilə bağlı hesablama işlərində istifadə olunur.
Coğrafi koordinat sisteminin elementləri coğrafi en və coğrafi uzunluq dairəsindən ibarətdir. London şəhəri yaxınlığındakı Qrinviç rəsədxanasından keçən meridian başlanğıc və ya sıfır meridianı kimi qəbul edilmişdir.
Yer səthində verilmiş nöqtədən (M) keçən şaquli xətlə ekvator müstəvisi arasında qalan bucağa coğrafi en dairəsi (φ) deyilir. En dairəsi meridian qövsünün üzəri ilə ekvatordan hər iki qütbə doğru hesablanır və 0–90° arasında qiymətlər alır. Ekvatordan şimalda yerləşən nöqtələrin en dairəsi şimal, cənubda yerləşənlər isə cənub enliyi adlanır.
Başlanğıc Qrinviç meridian müstəvisi ilə verilmiş nöqtədən (M) keçən meridian müstəvisi arasında qalan ikiüzlü bucaq coğrafi uzunluq dairəsi ( λ) adlanır. Uzunluq dairəsi ekvator və ya paralel qövsünün üzəri ilə başlanğıc meridiandan şərqə və qərbə doğru ölçülür və müvafiq olaraq şərq və qərb uzunluq dairəsi adını alır. Onun qiymətləri 0–180° arasında dəyişir.
Düzbucaqlı koordinat sistemi zonaldır. Yer səthinin xəritəsini tərtib etmək üçün o, altı dərəcəli zonalara bölünür. Zonaların hər birində koordinat sistemi qurulur. Koordinat başlanğıcı zonanın orta meridianı ilə ekvator xəttinin kəsişməsidir. Hər bir zona müstəvi olaraq qəbul edilir.
Xətti kəmiyyətlərlə işləmək coğrafi koordinat sisteminin bucaq kəmiyyətləri ilə işləməkdən asan olduğu üçün düzbucaqlı koordinat sistemi ərazidə və xəritə üzərində praktiki məsələlərin həllində daha geniş tətbiq olunur.
Coğrafi koordinatların təyini. En və uzunluq dairələri hər bir xəritə vərəqinin künclərində yazılır. Məsələn, şəkildəki vərəqin cənub və şimal tərəflərinin (paralellərin) en dairələri müvafiq olaraq 54°45´ və 54°50´, qərb və şərq tərəflərinin (meridianların) uzunluq dairələri 18°07´30˝ və 18°15´-yə bərabərdir.
Xəritə üzərində coğrafi koordinatları təyin etmək üçün 1:25000 və 1:50000 miqyaslı xəritə vərəqlərində əlavə dəqiqə çərçivəsi mövcuddur.