Relyefin xəritədə təsviri nəticəsində:
– nöqtələrin mütləq və nisbi yüksəkliklərini;
– yamacların istiqamətini, mailliliyini, kəmiyyət göstəricilərini təyin etmək mümkündür.
Hazırda ən geniş tətbiq edilən üsul horizontallar üsuludur. Relyefin xəritələrdə təsviri üçün horizontallar riyazi baxımdan dəqiq üsul sayılır.
Yüksəklikləri eyni olan nöqtələri birləşdirən səlis əyri xəttə horizontal deyilir. Başqa sözlə desək, horizontallar yerin səviyyə səthinə paralel olan səthlərlə relyefin kəsişmə xətləridir. Belə səthlərə kəsmə səthi deyilir.
Relyefi xəritədə horizontallarla təsvir etmək üçün bir horizontal kifayət deyil. İki qonşu kəsmə səthi (səviyyə səthi) arasında qalan şaquli məsafəyə kəsmə yüksəklik deyilir.
Xəritələrdə bəzi horizontalların yüksəkliyi yamacın yüksələn istiqamətində olmaq şərtilə yazılır. Kəsmə yüksəkliyini bilməklə bir horizontalın yüksəkliyinə görə digər horizontalların da yüksəkliyini təyin etmək olar.
Horizontallarla təsvir edilmiş xəritə müxtəlif hərbi əməliyyatlarda geniş istifadə edilir. Relyefi daha mükəmməl təsvir etmək məqsədilə topoqrafik xəritələrdə horizontallarla yanaşı, mütləq yüksəkliklər də yazılır.
Xəritədə terras tinlərinin, uçurumların, yarğanların, kurqanların və s. relyef elementlərinin nisbi yüksəklikləri də yazılır. Bu elementləri horizontallarla təsvir etmək mümkün deyil.