26 iyun 1918-ci il tarixində Azərbaycanı xarici müdaxilələrdən müdafiə etmək, daxildəki düşmən qüvvələri zərərsizləşdirmək üçün Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar qəbul edilərək nizami ordu quruculuğuna başlanıldı. Yaradılan ilk kabinədə Azərbaycan hökumətinin hərbi naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.
Çar Rusiyası dövründə keçmiş Tatar Süvari Alayının əsgərlərindən formalaşdırılmış Müsəlman korpusunun əsasında 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılmışdı.
1918-ci ilin iyul ayının 11-də Milli orduya çağırış haqqında əmr verildi və 24–29 yaşlı kişi cinsli vətəndaşlar səfərbər edildi. Həmin il dekabr ayının 26-da tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir vəzifəsinə təyin edildi. O, xalqa müraciət edərək bildirdi ki, ölkəmizin bütün kişi cinsli vətəndaşları hərbi qulluq keçməlidir.
Milli hərbi kadrların hazırlanması məqsədilə Hərbiyyə, İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşerlər məktəbləri yaradıldı. Əsgər və zabitlər üçün rütbələr tətbiq edildi. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət nizami orduya malik idi.