Topoqrafik xəritələrin məzmununa təbii və sosial-iqtisadi elementlər aiddir. Təbii elementlərə hidroqrafiya obyektləri, relyef, bitki örtüyü və qrunt aiddir. Sosial-iqtisadi elementlərə isə yaşayış məntəqələri, yollar və rabitə vasitələri, inzibati, iqtisadi və mədəni obyektlər aiddir.
Hidroqrafik obyektlərə dənizlər, göllər, su anbarları, çaylar, kanallar, su quyuları və bulaqlar aiddir. Topoqrafik xəritələrdə bu obyektlər mavi və göy rəngin müxtəlif tonları ilə təsvir olunur. Topoqrafik xəritələrdə çayların bir sıra göstəriciləri, çayın eni, keçidlər (dərinliyi ilə), çayın dibində qruntun xüsusiyyəti və s. şərti işarələrlə, yazılarla təsvir olunur.
Relyeflə hidroqrafiya arasında bilavasitə əlaqə və qarşılıqlı asılılıq vardır.
Bitki örtüyünə həm təbii (meşələr, kolluqlar, örüşlər, çəmənliklər, bataqlıqlar və s.), həm də mədəni (bağlar, tarlalar, üzümlüklər və s.) obyektlər aiddir.
Qrunta qumluqlar, çınqıllıqlar, gilli və daşlı səthlər, iri monolit süxurların səthə çıxdığı saһələr, şoranlıqlar və s. aiddir.
Topoqrafik şərti işarələr konturlu (sahəvi), xətti, miqyassız və izahedici olur.
Konturlu şərti işarələr forma və ölçüləri xəritənin miqyasına əsasən göstərilə bilən obyektləri təsvir etmək üçün işlədilir. Bu işarələr xəritə üzrə müəyyən saһəni tutduğuna görə bəzən sahəvi şərti işarə də adlanır. Meşə, bağ, tarla, çəmənlik, göl və s. kimi obyektlərin xəritədə konturları təsvir olunur. Xətti şərti işarələr yer səthində ensiz, dar zolaq şəklində uzanan müxtəlif obyektləri (yolları, çayları,
kanalları və s.) və xətləri (zonanın, rayonun sərhədləri və s.) təsvir etmək üçün işlədilir. Zolaq şəkilli obyektlərin eni xəritənin miqyasından asılı olaraq bəzən miqyas üzrə, bəzən isə miqyassız təsvir olunur.
Miqyassız şərti işarələr iqtisadi və başqa baxımdan xüsusi əhəmiyyəti olan, lakin sahəcə kiçik olduğu üçün miqyasa görə xəritədə təsvir edilməsi mümkün olmayan obyektləri təsvir etmək üçün işlədilir (yol göstəriciləri, su quyuları və s.).