Etnosun məhvolma ərəfəsində passionar insanların olmaması onun məhvini sürətləndirir. Tarixi şəxsiyyətlər Atilla, Makedoniyalı İsgəndər, Çingizxan, Napoleon, Hitler, elm sahəsində Eynşteyn, Nyuton və b. passionarlardır.
Etnogenezin inkişaf prosesi bir neçə mərhələdən ibarətdir. İlk mərhələ: etnos sakit həyat tərzinə malik olur. Əhalinin sayı artır, tələbatı ödəmək üçün təbii ehtiyatlardan daha çox istifadə olunur və nəticədə təbii sərvətlərin qıtlığı hiss olunur.
İkinci mərhələ: passionar insanların sayı artır. Etnos yüksək səviyyəli həyat uğrunda çalışır.
Üçüncü mərhələ: passionarlıq ən yüksək həddə çatır. Etnos ideya uğrunda yox olmağa belə hazır olur.
Dördüncü mərhələ: zaman keçdikcə etnos tənəzzül edir, milli dəyərlər aşınır, ənənələr unudulur, gücünü itirir.
Sonuncu mərhələdən sonra bəzi etnoslar tarix səhnəsindən silinir (şumerlər, peçeneqlər, qıpçaqlar və s.), bəziləri isə yenidən ilkin mərhələsinə qayıdır (məsələn: monqollar və s.).