Dünyada 6 mindən çox etnos vardır. Sayı 100 mln. nəfərdən çox olan böyük etnoslara çinliləri, hindliləri, benqalları, rusları, yaponları və digərlərini, kiçik etnoslara isə Azərbaycanda xınalıq, buduq və s.-ni aid etmək olar.
Hər bir etnos yaranmasından yox olmasına qədər tarixi bir inkişaf dövrü keçir. Bu proses etnogenez adlanır. Etnogenez nəsildən millətə qədər olan təkamül yolunu əhatə edir
Etnosların formalaşmasına bir çox amillər təsir edir. Bu amillərdən ən mühümü təbii mühitdir. Tarixçi alim, etnoqraf L.N.Qumilyov etnosun yaranmasının onu əhatə edən landşaftla əlaqədar olduğunu əsaslandırmışdır. Məsələn, Avrasiya materikində etnogenez prosesinə qərbdə meşə və meşə-çöl, cənub-qərbdə səhra və vahə, mərkəzi hissədə çöl, şimalda isə tundra və meşə-tundra landşaftları təsir etmişdir. Tədqiqatcının fikrinə görə, düzənlikdə məskunlaşan xalqlar etnik və sosial baxımdan dağlıq ərazilərdə yaşayanlara nisbətən daha sabitdirlər.
Etnosun formalaşmasında coğrafi mühit faktorları da mühüm rol oynayır. Ərazinin relyefi, iqlim şəraiti orada məskunlaşan xalqların adət-ənənəsinə, geyim tərzinə, əmək məşğuliyyətinə, hətta xarakterinə belə təsir göstərir.
Müasir dövrdə vəziyyət dəyişmişdir. Hazırda et- nosların formalaşmasına yalnız təbii mühit deyil, si- yasi, iqtisadi, sosial və digər amillər də təsir edir.
Etnos istənilən vaxt yarana bilər. Onların məhv- olma səbəbləri isə çoxdur: geniş arealda yayılması nəticəsində bir-birindən uzaqdüşmə, hərbi müdaxilə, ekoloji gərginlik, iqtisadi gerilik və s.
Proses iki yolla baş verir: dəyişilib parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi ilə və ya assimilyasiyaya uğraması nəticəsində yox olması ilə. Məsələn, Çində bir vaxtlar mövcud olmuş türkdilli tabğaçlar buddizm dinini qəbul etmiş, öz adət-ənənə- lərini unutmuş və assimilyasiya olaraq çinlilərə qarış- mışdır. Məhvolma zamanı etnoslar yenidən inkişaf mərhələsinə başlaya və özlərini bərpa edə bilərlər.
L.N.Qumilyov etnosun özünübərpasını passionarlıqla əlaqələndirir. Passionarlıq – etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək onu fəaliyyət şəklində istifadə etməsinə deyilir. Passionarlıq, adətən, güclü şəxsiyyətlərin – passionarların mövcudluğu ilə əlaqəli olur. Passionarlar isə özünəməxsus güclü enerjiyə malik olan və fəaliyyət göstərən insanlardır.