Şabalıdı torpaqlar 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində yayılıb. Ərazilər mürəkkəb relyefə malikdir. Əksər ərazilərdə səthin meyilliyi 2°-dən yüksəkdir. Bu isə suvarma zamanı su itkisinə və torpaqların münbit qatının yuyulmasına səbəb olur.
Böyük və Kiçik Qafqazın dağətəyində, Ceyrançöl-Acınohurda tünd-şabalıdı, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan açıq-şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə və qismən suvarma əkinçiliyi şəraitində üzüm, taxıl, günəbaxan, kartof becərilir.
Dağ-meşə torpaqları 700-2000 m arasında mülayim-isti və soyuq iqlimə malik dağ meşələrində yayılıb. Bu torpaqların qonur dağ-meşə və qəhvəyi dağ-meşə növləri vardır. Qırılmış meşələrin yerində formalaşan dağ çöllərində isə dağ-qara torpaqları yayılmışdır. Dağ-qara torpaqlarında dəmyə şəraitində kartofçuluq və taxılçılıq inkişaf etmişdir. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilir, əsasən, Şamaxı, İsmayıllı, Xocavənd və Gədəbəy inzibati rayonlarında yayılıb.
Soyuq iqlimə malik, rütubəti daha yüksək olan yamaclarda torpaqlar qonur, iqlimi nisbətən quraq olan aşağı yamaclarda qəhvəyi rəngdədir. Meşələrin əkin sahələrinə çevrildiyi ərazilərdə torpaqların eroziyası daha sürətlidir. Əkin sahələrinin salınmasında yamacların meyilliyi və səmti önəmlidir. Cənuba istiqamətli, terraslaşdınlmış yamaclar əkin üçün daha uyğun hesab edilir.
Dağ-çəmən torpaqları 1800-2000 m-dən hündür sahələrdə rast gəlinir. Dağ-çəmən torpaqlarının ibtidai, torflu və çimli kimi növləri yayılmışdır. Bu torpaqlardan, əsasən, biçənək və otlaq, həmçinin həyətyanı təsərrüfatlarda tərəvəzçilik məqsədilə istifadə olunur. İqlimin soyuq keçməsi çoxsahəli əkinçiliyə ciddi maneə yaradır. Heyvanların həddən artıq otarılması isə torpaqların məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələgəlməsi üçün şərait zəifdir.
Çayların subasarlannda allüvial-çəmən torpaqları geniş yayılmışdır. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında isə çəmən-meşə torpaqlarına rast gəlinir. Bu torpaqlardan fasiləsiz istifadə onların münbitliyinin azalmasına səbəb olmuşdur.