Tarix | Bəndin adı | Ölkə | Həlak olanların sayı |
1928-ci il, mart | Sent-Frensis | ABŞ | 600 nəfərə yaxın |
1941-ci il, avqust | Dnepr | Ukrayna | 100 min nəfərə yaxın |
1959-cu il, dekabr | Malpasse | Fransa | 423 nəfər |
1963-cü il, oktyabr | Vayond | İtaliya | 2500 nəfər |
1975-ci il, avqust | Baynçyao | Çin | 26 min nəfər |
2010-cu il, avqust | Tarbale | Pakistan | 1700 nəfərdən çox |
2012-ci il, aprel | Köprü | Türkiyə | 10 nəfər |
2019-cu il, may | Brumadini | Braziliya | 293 nəfər |
Hidrometeoroloji hadisələrdən biri seldir. Sel dağ çaylarının yatağında leysan tipli yağışların yağması, buz və ya mövsümi qarın sürətlə əriməsi nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axındır. Sellərdə 1m3 kütlənin təxminən 65-70%- ni bərk materiallar, qalanını su təşkil edir.
Sellər, adətən, qəflətən yaranır, böyük sürətlə hərəkət edir, əksər hallarda 30-40 dəqiqədən bir neçə saatadək davam edir. Sel zamanı yaranan kütlənin hündürlüyü bəzən 15 m-ə çatır. Sel axını güclü gurultu ilə müşayiət olunur, yolunun üstündəki hər şeyi, o cümlədən bina və qurğuları dağıdır, əkin sahələrini yararsız hala salır, torpaqların məhsuldar (humus) qatını yuyub-aparır, çay yatağında olan mal-qaranı məhv edir, insan tələfatına səbəb olur. Azərbaycanda fəlakətli sel hadisələri Şin (1510-cu il), Kiş (1901-ci və 1982-ci illər), Kürmük (1921-ci il) və s. çaylarda baş vermişdir. Sellərin qarşısını tam almaq mümkün olmasa da, təhlükəni nisbətən azaltmaq olur. Bunun üçün çaylar üzərində hidrotexniki qurğuların (selötürən, selqırıcı və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşə meliorativ işlərinin aparılması və s. tədbirlərin görülməsi tələb olunur.
Təhlükəli hidroloji hadisələr təbii, iqtisadi, sosial problemlərin əmələ gəlməsi ilə nəticələnir. Onları qabaqcadan proqnozlaşdırmaq qismən mümkün olduğuna görə əhalinin təxliyəsini təşkil etmək, təsərrüfat sahələrinə dəyə biləcək ziyanı (heyvandarlıq komplekslərindən mal-qaranın köçürülməsi, ərzaq anbarlarında və iri marketlərdə məhsulların qorunması və s.) azaltmaq mümkündür.