Çay subasarları axar suyun gətirdiyi allüvial çöküntülərlə örtülü olduğuna görə dərə boyunca humusla zəngin torpaq qatı yaranır. Nəmliyin kifayət qədər olması çay subasarlarında ilboyu yaşıl ot örtüyünün olmasına imkan verir. Bu isə çay dərələri boyunca heyvandarlığın inkişaf etdirilməsi üçün təbii şərait yaradır.
İqlimi quraq olan ərazilərdən axan tranzit çayların hövzəsində əhalinin sıxlığı yüksək olur. Bu ərazilərdə eyni zamanda suvarma əkinçiliyi üçün geniş imkanlar vardır.
Kənd təsərrüfatı ilə yanaşı, çaylardan enerjinin əldə olunmasında, sənaye müəssisələri və əhalinin su təchizatında, çay turizmində geniş istifadə olunur. Çaylar həmçinin balıqçılıq məqsədi daşıyır. Zambezi, Müq. Lavrenti, Mekonq, Ob və d. çayların balıqçılıq əhəmiyyəti böyükdür. Kür çayında balıqçılıq tarixən mövcud olsa da, hazırda su anbarları və süni göllərdə daha çox balıq yetişdirilir.
Quru sularının bir növü olan bataqlıqlar qurudulduqda kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi yaranır. Özünəməxsus ekosistemə, yəni canlı və cansız komponentlərin bir-biri ilə sıx əlaqədə olduğu mühitə malik olan bataqlıqlar bitki və heyvanlar aləmi ilə zəngindir.
Quru sularının bir növü olan bulaqlar yeraltı suların təbii halda, xüsusən tektonik sınma zonalarında üzə çıxmasıdır. Suyun mineral tərkibindən asılı olaraq bulaqlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.