Bu şüaların normadan çox olması ozon qatının zədələnməsi ilə əlaqədardır. Ozon qatının deşilməsi səbəblərindən biri də insanların təsərrüfat fəaliyyəti ilə bağlıdır. Ozon qatına daha çox təsir göstərən amillərə məişətdə suyun xlorlaşdırılması, əkinçilikdə azot gübrələrindən istifadə, soyuducu və kompressor istehsalında tətbiq olunan freon qazı və s. aiddir. Ozon qatının deşilməsi Antarktida və Avstraliya üzərində daha çox müşahidə olunur.
Atmosferə atılan kimyəvi maddələr ozon qatının deşilməsinin əsas səbəblərindəndir. Bu maddələrin təhlükəli xüsusiyyəti onların atmosferdə 50 ildən çox qalmasıdır. Kimyəvi maddələrdən istifadə hətta dayandırılsa da, onların ozon qatını aşılaması hələ uzun zaman davam edəcəkdir.
İqlim dəyişmələri planetin inkişaf tarixində daim müşahidə olunmuşdur. Təbii iqlim dəyişmələrini havanın tərkibində olan su buxarı, karbon və metan qazı tənzimləyir. Onlar olmasa, planetin səthində temperatur indikindən 33°C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur artaraq təhlükəli həddə çatar və Yer səthində istilik balansının pozulmasına səbəb olar. Bu proseslər “istixana effekti”ni yaradır.
İstixana qazları, daha dəqiq, “istixana effekti yaradan birləşmələr” deyərkən, adətən, karbon qazı (CO2), metan qazı (CH4 ), azot oksidi (N2O), halogen tərkibli qazlar, kükürd heksaflüorid (SF6), ozon (O3) və su buxan nəzərdə tutulur.