Hazırda mövcud olan bir neçə üsul (dərin qatlarda süxurlararası uğultunun və
elektromaqnit dalğalarının qeydə alınması və s.) yalnız zəlzələ anında və ya ondan
bir neçə saniyə əvvəl məlumat almağa imkan verir. Tədqiqatçılar yeraltı təkanların
gücündən enerji almaq və onların baş verdiyi ərazilərdə aparılan tikinti işlərində
yeniliklər tətbiq etməklə bu hadisədən qorunmaq üçün müxtəlif yollar axtarırlar.
Zəlzələlərin tez-tez müşahidə olunduğu ərazilərdə tikilən bina, körpü, yol və s.
obyekt və qurğularda xüsusi konstruksiyalar istifadə olunur. Bu isə inşaatda yeni
tikinti materiallarının, memarlıqda isə zəlzələyə davamlı layihələrin yaradılmasını
tələb edir.
• Bu maraqlıdır •
Yaponiyada zəlzələ hadisəsinin tez-tez baş verməsinə baxmayaraq dağıntılar az olur. Buna səbəb
binaların 8-9 ballıq zəlzələyə davamlı konstruksiyalar üzərində tikilməsidir:
-
Şarnir dayaqlar üzərində inşa edilən binalar zəlzələ zamanı ləngər vurur, lakin dağılmır.
-
Binaların damında yerləşdirilən və içərisi su ilə dolu olan nəhəng çən - titrəyiş anında tikilinin müvazinətini saxlaya bilir.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Ölkənin vulkan püskürmələri müşahidə olunan ərazilərdə yerləşməsi onun
iqtisadiyyatına təsir edir. Ona görə ki...
- Zəlzələlər tikinti sənayesində yeni texnologiyaların tətbiq olunmasını tələb edir. Ona
görə ki...
- Tektonik proseslərin aktiv olduğu ərazilərdə müalicə və istirahət mərkəzləri daha
çoxdur. Bunun səbəbi...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Dünyanın siyasi xəritəsi və Yer qabığının quruluşu xəritəsindən istifadə edərək aşağıdakı
xüsusiyyətlərinə görə ən azı 10 ölkəni müəyyən edin və qrupların nəticələrini
ümumi cədvəl şəklində təqdim edin.
I qrup.
Tektonik fəlakətli hadisələrin baş verdiyi ərazilər və ondan istifadə etməyə
nail olan ölkələr.
II qrup.
Tektonik fəlakətli hadisələrin ziyan vurduğu ölkələr.
III qrup.
Tektonik fəlakətli hadisələrin zəif baş verdiyi ölkələr.