Müharibə və “qaynar nöqtələr”in coğrafiyası Yer kürəsinin hər tərəfini əhatə edir.
Dünyada baş verən hərbi-siyasi münaqişələr birdən-birə yaranmır. Münaqişələr,
adətən, bir neçə mərhələdən keçir:
• Tərəflər
arasında
ziddiyyətlərin
kəskinləşməsi
• Ziddiyyətləri
hərbi yolla
həll etmək
cəhdi
• Hərbi yolun
mümkünsüzlüyü,
atəşkəsin qəbul
edilməsi
• Tərəflər
arasında
münasibətlərin
siyasi yollarla
tənzimlənməsi
Münaqişə tərəfləri arasında sülhün bərpası üçüncü tərəfin vasitəçiliyi ilə həyata
keçirilir. Vasitəçilər münaqişə tərəflərini danışıqlar prosesinə cəlb edir, onlar üçün
məqbul olan müddəaları müzakirə edir, ölkələrin beynəlxalq təhlükəsizlik prinsiplərinə
əməl etməsini tələb edirlər. Üçüncü tərəf münaqişənin başlanğıc mərhələsində
bu tələbləri irəli sürdükdə və nəzarət etdikdə ziddiyyətlərin hərbi yollarının qarşısını
almaq mümkündür.
• İNFORMASİYA FONDU •
Beynəlxalq təhlükəsizlik prinsipləri BMT-nin təhlükəsizlik
nizamnaməsinə əsaslanır:
- dövlətlər xarakter və mənşəyindən asılı olmayaraq yaranan problemləri dinc vasitələrlə həll
etməlidir;
- dövlətlər mübahisəni kəskinləşdirə bilən istənilən hərəkətdən uzaq durmalıdır
Dövlətlər arasında münaqişələrin həlli müxtəlif diplomatik vasitələrlə: danışıqlar,
təhqiqat, monitorinq, məhkəmə və s. yolla həyata keçirilir. Bu tədbirlərin həyata
keçirilməsində ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq təşkilatların fəaliyyəti daha
səmərəlidir. Beynəlxalq təşkilatlar müxtəlif təzyiqlər etməklə münaqişənin həlli
yolunda daha çox uğur qazana bilir. Ən mühüm beynəlxalq hərbi və siyasi təşkilatlara
müvafiq olaraq NATO ilə ATƏT aiddir.
NATO (ing. North Atlantic Treaty Organization) — Şimali Atlantika Müqaviləsi
Təşkilatı 1949-cu ildə yaradılmışdır. Təşkilat sülhün qorunmasını təmin
etmək üçün istənilən aqressiya formalarını dəf etmək, lazım gəldikdə isə
hərbi gücdən istifadə etmək hüququnu nəzərdə tutan müstəqil dövlətlərin
hərbi ittifaqıdır.
NATO - hökumətlərarası təşkilatdır. NATO BMT-nin nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi
və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. NATO-nun 30-dan çox üzvü
və tərəfdaşı var.
OSCE (ing. Organization for Security and Co-operation in Europe)-Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 1973-cü ildə Helsinkidə xarici
işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmışdır.
ATƏT-in yaranmasında əsas məqsəd:
- "Soyuq müharibə"nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırmaq;
- "Yeni Avropa"nın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən etmək;
- dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən çıxarmaq, əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəltmək.
ATƏT-in 50-dən çox üzvü və tərəfdaşı var.