İnteqrasiyanın əsas növlərindən biri beynəlxalq iqtisadi inteqrasiyadır (lat. “inteqrasiya” -“qovuşma”, “birləşmə”). Beynəlxalq iqtisadi inteqrasiyaya nail olmaq üçün bir neçə mərhələ keçmək lazımdır.
Beynəlxalq iqtisadi inteqrasiyanın ən sadə forması güzəştli ticarət zonasıdır. Bu zonaya daxil olan ölkələr müəyyən məhsulların ixrac və idxalına güzəştlərin tətbiqini nəzərdə tutur. Güzəştli ticarət zonası ilə azad ticarət zonası arasında fərq böyük olmur. Çünki güzəştli ticarət zonasının məqsədi sonda azad ticarət zonasını yaratmaqdır.
Azad ticarət zonasında gömrük rüsumları və ticarət məhdudiyyətləri ləğv olunur. Bu zonaya daxil olmayan ölkələrə isə gömrük rüsumları tətbiq oluna bilər ki, buna da nəzarəti gömrük ittifaqı həyata keçirir. Gömrük ittifaqının məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha sıx qurulmasıdır. Mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapitalın və işçi qüvvəsinin sərbəstliyini təmin etmək üçün ümumi bazar formalaşır. İnteqrasiyanın bu mərhələsində üzv ölkələr arasında fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır.
Beynəlxalq iqtisadi inteqrasiyanın nisbətən mürəkkəb mərhələsi iqtisadi ittifaqdır. İqtisadi ittifaq üzv olan ölkələrdə məhsul istehsalı tənzimlənir, birgə xarici ticarət siyasəti yeridilir. Bu, eyni anda gömrük ittifaqına və ümumi bazara tətbiq edilir.
Növbəti mərhələ iqtisadi və valyuta birliyi adlanır. Birliyə daxil olan ölkələrdə iqtisadi və vahid valyutanın tətbiq edilməsi siyasəti həyata keçirilir.
Beynəlxalq iqtisadi inteqrasiyanın son mərhələsi tam iqtisadi inteqrasiyadır. Bu mərhələdə üzv olan ölkələr iqtisadi siyasəti təkbaşına həyata keçirə bilmir. Ölkələr arasında inteqrasiya bütün sahələri (maliyyə, xarici siyasət, təhsil, ekologiya və s.) əhatə edir.