Cəmiyyətin inkişafı prosesində dövlətlərin bir-biri ilə əlaqələri güclənir.
Onlar hər hansı təbii-ictimai-sosial-ekoloji problemlərin həll edilməsində
birgə fəaliyyət göstərirlər.
Maliyyə bazarlarının genişlənməsi, beynəlxalq inteqrasiyanın formalaşması,
elm və texnologiyaların həyatın bütün sahələrinə tətbiqi və s. qloballaşma
prosesinin tərkib hissəsidir. Bu proses ölkələrarası əlaqələrin yaranmasına
səbəb olur.
Son illər inteqrasiyaların gücləndirilməsinə transmilli korporasiyalar
(TMK) təsir göstərmişdir. Onlar qloballaşmanın əsas hərəkətverici qüvvəsi
kimi qiymətləndirilir. İnteqrasiya proseslərinin formalarından biri
olan azad iqtisadi zonalar (AİZ) isə beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz
tərkib hissəsinə çevrilmişdir. Bu münasibətlər sosial-iqtisadi inkişafa
təkan verir, ölkələrə xarici investisiyaların cəlb edilməsinə şərait
yaradır, eyni zamanda əhalinin məşğulluğuna müsbət təsir göstərir.