Alman ailələrinin yaşadıqları mənzillərin əksəriyyətində mətbəxdə tullantıların emal edilməsi üçün avadanlıq quraşdırılır. Tökülən zibil qalıqları elevatorla binanın zirzəmisinə toplanır, xırdalanır, ələnir və bioqaz emalı üçün xüsusi avadanlığa boşaldılır. İstehsal olunan bioqaz binadakı mənzillərin qızdırılması, elektrik enerjisi və isti su tələbatını ödəməyə qabildir və beləliklə də binalar özünü təmin edə bilir. Almaniyanın zibilyandıran zavodlarından alınan elektrik enerjisi ölkədə istehsal edilən ümumi enerjinin 0,6% təşkil edir. Hazırda belə zavodlarda yandırılmaq üçün zibil çatışmazlığı sonda ölkənin qonşu dövlətlərdən zibil idxal etməsi ilə nəticələnmişdir.
Almaniyada əhalinin tullantılara olan münasibəti ciddi alman qanunları və yüksək səviyyədə aparılan maarifləndirmə işləri ilə müşayiət olunur. Ölkədə plastik qablardan istifadə, marketlərdə polietilen torbaların verilməsi qadağandır. Ən kiçik yaşlarından etibarən alman uşaqları ətraf mühitə həssas münasibət göstərir, təbiətin və özünün sağlamlığının qayğısına qalır, təmizliyə nəzarət edirlər. Zibil çeşidlənməsi ilə məşğul olan əhalinin maddi maraqlan təmin olunur. Zibil toplayan və təhvil verən yeniyetmələr mükafatlandırılır. Son illərdə belə könüllülərin (volontyor) fəaliyyəti nəzərəçarpacaq dərəcədə artmışdır.
Yaponiya. İl ərzində ölkədə 50,5 mln. ton tullantı əmələ gəlir. Yapon məhəllələrinin çox hissəsində qida, məişət və lazımsız əşyalar adı ilə qruplaşdırılan plastmas zibil qablarına rast gəlmək olar. Yaponlar ekoloji mühitin qorunmasına və təkrar emal prosesinə zibilliklərin yaranmasına qarşı ciddi mübarizə aparmaqla başlayırlar. Kənd yerlərində də tullantıların çeşidləndirilməsi üçün xüsusi yerlər ayrılmışdır. Zibil növləri xüsusi gün və vaxtda atılır. Zibillərin toplanması, çeşidlənməsi, daşınması və emalı xüsusi qanunlarla tənzimlənir. Yaponiyada müxtəlif elektrotexnika avadanlığının və ya cihazların tullantısına istehsalçı müəssisə cavabdehdir. Təbliğat və maddi həvəsləndirmə yolu ilə əhalidən köhnə cihaz və avadanlıqların toplanması istehsalçı müəssisənin borcudur. Əks halda yapon qanunlarına əsasən cərimələr tətbiq edilir.
Braziliya. Tullantıların emalında fərqlənir. Kuritiba şəhəri məişət tullantılarının toplanmasına görə dünyada birinci yerdədir. Şəhərdə, demək olar ki, bütün plastik və şüşə qablar, metal, kağız və s. tullantılar toplanılır və təkrar emal edilir. Şəhər meriyası pul mükafatı və ya kiçik yemək paketləri müqabilində əhalinin kasıb təbəqəsini tullantı toplanmasına cəlb edir (ay ərzində 400 ton tullantı).
Azərbaycan. Ölkədə tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir. Lakin tullantıların çeşidlənməsində əhalinin rolu çox azdır. Tullantılar, əsasən, Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərin ətrafında olan tullantı poliqonlarında toplanılır.
Bakı şəhərində orta hesabla adambaşına il ərzində 350 kq tullantı düşür. Tullantıların emalına, əsasən, 2009-cu ildən başlanılmışdır. “Təmiz şəhər” ASC layihəsi əsasında Balaxanıda tullantıların emalı zavodunda zibillər bərk, polietilen, metal, kağız və s. olmaqla çeşidlənir. Çeşidlənmiş tullantıların 40% qədəri ikinci emala göndərilir, qalan hissə isə yandırılır və basdırılır. Tullantıların yandırılması xüsusi sobalarda 850°C temperaturda həyata keçirilir. Sobaların üzərində yerləşdirilən xüsusi qurğulara su vurulur və qaynar su istilik şəbəkələrinə və istilik elektrostansiyalarına göndərilir.