Tullantıların utilizasiyası problemini müxtəlif ölkələr fərqli yollarla həll edir. İnkişaf etmiş ölkələrdə tullantıların emalında ekoloji və iqtisadi prinsiplər daha üstündür. Hazırda dünya ölkələrinin əksəriyyətində ekoloji tarazlığı qorumaq məqsədilə tullantıların təkrar emalı üçün texnologiyalar tətbiq edilir. Avropa ölkələrində tullantıların 23%-i təkrar emal prosesinə cəlb olunur. Buna baxmayaraq hər il dünyada 700 mln. ton tullantı yaranır. Tullantıların çox az hissəsi canlı aləm üçün təhlükəsiz halda utilizasiya edilir.
Məişət tullantılarının xeyli hissəsi basdırılır və ya yandırılır. Tullantıların təkrar emalı sahəsində lider olan ölkələrdə - Almaniya, İsveçrə və Yaponiyada da tullantıların 30-40% yandırılır. Bu ölkələr istisna olmaqla digər dövlətlərin əksəriyyətində tullantıların bir qismi torpağa basdırılır. Tullantıların miqdarına görə fərqlənən ABŞ-da (ildə 240 mln. ton) onların yarıdan çoxu basdırlır, 14% yandırılır, 30% təkrar emal edilir. Azərbaycanda il ərzində 1,5 mln. tona yaxın istehsalat və məişət tullantıları yaranır. Onların da təxminən 300 min tona yaxını (20%) təkrar emal edilir.
Almaniya. Ölkədə tullantıların toplanması və onların emalı ilə məşğul olan xüsusi sənaye sahəsi fəaliyyət göstərir. Almaniya tullantıların çeşidlənməsi praktikasının tətbiq edildiyi ilk ölkələrdən biridir. Tullantıların çeşidlənməsi əhali tərəfindən aparılır. Tullantıların xammal kimi istifadəsini asanlaşdırmaq məqsədilə zibil qutuları əvvəlcədən kodlaşdırılır: ağ qutu - kağız; mavi qutu - qida tullantıları; qırmızı qutu - metal tullantıları və s.