Məhsul və xidmətin qiymətləri keyfiyyətin yaxşılaşdırılması, istehsal xərclərinin artması ilə əlaqədar olaraq (məsələn, taxılın qiymətinin artması un məhsullarının bahalaşmasına səbəb olur) arta bilər. Bu zaman pulun alıcılıq qabiliyyəti aşağı düşür, yəni inflyasiya baş verir.
Ölkə əhalisinin istehlak səbətinə olan tələbatının ödənilməsi dövlətin ən mühüm vəzifələrindən biridir. Lakin dünyanın əksər ölkələrində əhalinin “istehlak səbətinə” olan tələbatı ödənilmir. İEOÖ-lərdə yaşayan 4,6 mlrd, insanın 800 mln. nəfəri normal, sağlam və fəal həyat tərzi sürmək üçün kifayət qədər ərzaq ala bilmir, yaxud xidmətlərdən istifadə etmir.
Dünya əhalisinin 2,5-3 mlrd, nəfəri yoxsul yaşayır. Onlar gün ərzində 2 ABŞ dollarından az vəsait xərcləyirlər. Əhalinin 1,2 mlrd, nəfəri isə səfil, yəni gün ərzində cəmi 1 ABŞ dolları və ondan daha az vəsaitlə dolanır, ən aşağı alıcılıq qabiliyyətinə malik olurlar. Əhalisinin əksər hissəsinin yoxsul olduğu ölkələr, əsasən, Mərkəzi, Şərqi, Qərbi Afrikada və Cənubi Asiyadadır.
Adambaşına düşən gəlirlərin çox olduğu ölkələrdə insanların alıcılıq qabiliyyəti daha yüksəkdir. Bu zaman əhalinin pul vəsaiti xərclədiyi sahələr də müxtəlif olur. Onlar gəlirlərinin müəyyən hissəsini digər ehtiyaclara: istirahətin təşkilinə, təhsilin səviyyəsinin artırılmasına, daşınmaz əmlakın alınmasına xərcləyirlər. Gəlirlərini qənaətlə və səmərəli istifadə edənlər isə büdcələrində toplanan vəsaiti istiqraz və səhm şəklində qorumağa üstünlük verirlər.