Ərzaq təhlükəsizliyi hər bir dövlətin aqrar və iqtisadi siyasətinin əsas
məqsədlərindən biridir. Bu
məqsəd dünya, region, milli, yerli və ev təsərrüfatları səviyyəsində həyata keçirilir. Beynəlxalq ərzaq
təhlükəsizliyi konsepsiyası ilk dəfə 1973-cü ildə ƏKTT tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya
görə, hər bir ölkə:
- ərzaq məhsullarının istehsal səviyyəsi,
- qida məhsullarının qiymətləri,
- ölkə əhalisinin alıcılıq qabiliyyəti,
- əhalinin gəlirlərinin orta aylıq səviyyəsi,
- dövlət tərəfindən aztəminatlı ailələrə verilən güzəşt və müavinətlər,
- dövlətin ərzaq resursları və s. ilə təmin edilməlidir.
Bundan başqa, Beynəlxalq Ərzaq Təşkilatı dövlətlərin ərzaq təhlükəsizliyinin əsas göstəricilərini: a)
ölkədə taxıl ehtiyatlarının ümumi həcmini, b) növbəti taxıl yığımına qədər ehtiyat taxılın
saxlanılmasını, c) əhalinin hər nəfərinə düşən taxıl istehsalının illik istehlakdan 17-20% artıq
ehtiyatının olmasını (yəni ölkədə əhalinin illik tələbatından 2 ay artıq taxıl ehtiyatı olmalıdır)
müəyyən etmişdir.
ƏKTT-nin son proqnozlarına görə, 2050-ci ildə Yer kürəsi əhalisinin əlavə 2,3 mlrd, nəfərini ərzaqla
təmin etmək lazım gələcək. Bu məqsədlə dünya kənd təsərrüfatı istehsalı 70%-dək artırılacaq və məhsullar
əkin sahələrinin hesabına deyil, məhsuldarlığın çoxaldılması yolu ilə əldə ediləcəkdir. Lakin iqlim
şəraitinin pisləşməsi, su çatışmazlığı, torpaqların eroziyası dünyada ərzaq təminatında problemlər
yarada bilər.
• İNFORMASİYA FONDU •
ƏKTT (FAO - Food and Agriculture Organization) - 1945-ci ildə Kanadanın Kvebek şəhərində təsis
olunmuşdur. Mənzil-qərargahı Roma şəhərindədir. ƏKTT-nin şüarı "Çörək olsun!"dur.
Təşkilatın əsas fəaliyyət istiqamətləri:
- aclığın ləğvi;
- qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;
- ərzaq, kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün düzgün
aparılması;
- aqrar-sənaye rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına
kömək edilməsi.
Dünya ölkələrinin ərzaqla təmin olunması adambaşına düşən ərzaq kalorisinin qiymətinə əsaslanır. Əhalinin
gündəlik ərzaq norması 2 göstərici ilə ifadə olunur:
1)
orqanizmin qida enerjisi ilə təmin olunmasına görə - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya
Səhiyyə Təşkilatının (ƏKTT və ÜST) məlumatlarına əsasən bir insanın qidalanma normasının gün ərzində
2400-2500 kilokalori olması;
2)
orqanizm üçün qəbul edilən qida məhsullarının tərkibinə görə - gündəlik tibbi norma üzrə tələb olunan
qidaların qəbul edilməsi.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Ərzaq təhlükəsizliyi dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən biridir. Onagörə ki...
- Ərzaq problemi demoqrafik problemlə sıx bağlıdır. Bunun səbəbi...
- Əkin sahələrinin çox hissəsində ixracyönümlü əkinçiliyin inkişaf etdirilməsi problem yaradır. Çünki...