Hazırda Azərbaycanın Kür, Araz, Samur və digər çayları
ekoloji problemlərlə üzləşmişdir. Onların içərisində Araz çayının
ekoloji durumu daha acınacaqlıdır. Belə ki, Oxçuçay vasitəsilə
onun sularına Ermənistan ərazisindən kimyəvi çirkli
sular və yüksək dərəcədə zərərli maddələr axıdılır. Nəticədə
çayın suyunda mikroflora və mikrofauna məhv olur, çayın
özünütəmizləmə prosesi çətinləşir.
İçməli su mənbələrindən biri də yeraltı sulardır. Qafqaz
regionunda ən iri artezian hövzəsi Kür-Araz ovalığı hesab
olunur. Gəncə-Qazax və Mil-Qarabağ düzlərində artezian
sularından suvarma məqsədilə geniş istifadə olunur.
Hazırda ölkəmizdə təqribən 1,5 mln. ha suvarılan torpaq
sahəsi mövcuddur.