Braziliya, Rusiya, Kanada, Çin, İndoneziya, ABŞ, Banqladeş, Hindistan, Venesuela, Myanma kimi ölkələrdə içməli suya olan tələbat bolsulu çayların hesabına ödənilir. Lakin içməli su ehtiyatının çox olması heç də bu ölkələrdə əhalinin su ilə tam təmin olunduğunu göstərmir. Çünki təminolunma il ərzində adambaşına düşən içməli suyun miqdarı ilə (m3) ölçülür.
Ölkələr | İl ərzində adambaşına, m3 |
Ölkələr | İl ərzində adambaşına, m3 |
Rusiya | 29 944 | Türkiyə | 3210 |
Azərbaycan | 972 | Misir | 30 |
Böyük Britaniya | 2422 | Nigeriya | 1620 |
Hindistan | 1185 | Braziliya | 30 680 |
İran | 1943 | Kanada | 90 104 |
Qazaxıstan | 5041 | Avstraliya | 24 747 |
İçməli su ehtiyatlan cəmiyyətin inkişafında mühüm rola malikdir. Bu ehtiyatlardan səmərəli istifadə edilməsi, ekoloji cəhətdən qorunması, suların mühafizə olunması və s. müasir dünyanın əsas problemlərindən biridir. Problemlərin aradan qaldırılması üçün dünyanın bütün ölkələri birgə fəaliyyət göstərməlidir. Çünki hazırda dünyada təmiz su ehtiyatlarına olan tələbat insanların həyat və təsərrüfat fəaliyyəti nəticəsində ciddi dəyişikliklərə məruz qalmışdır. Əhalinin ümumi sayının artımı və iqtisadiyyatın inkişafı təmiz su qıtlığına səbəb olur. Su qıtlığı bəzi hallarda, xüsusilə transsərhəd, yəni eyni su mənbəyindən iki və daha artıq ölkənin istifadə etdiyi hövzələrdə daha kəskin şəkildə özünü göstərir. Bu problem bəzi hallarda siyasi gərginliklərlə nəticələnə bilir.
BMT-nin məlumatlarına əsasən, son 50 il ərzində Yer üzündə içməli su ehtiyatlarına nəzarət zəminində 500 münaqişə və 37 silahlı toqquşma baş vermişdir. Bunlara Hindistanla Pakistan, Sudanla Misir, İraqla Suriya, Seneqalla Mavritaniya və s. lokal münaqişələri misal göstərmək olar.