Bioyanacağın maye növü. Bitkilərin xammal kimi istifadəsi zamanı alınan etanol, metanol, biodizel və s. bioyanacaq növləridir. Bioetanolun dünyada istehsalının 30% Braziliyanın, 54,7% isə ABŞ-ın payına düşür. Braziliyada etanol şəkər qamışından, ABŞ-da isə qarğıdalıdan istehsal olunur. Şəkər qamışı və qarğıdalıdan alınan etanol iqtisadi cəhətdən daha sərfəli hesab edilir. Çünki neftdən alınan benzin istehsalı üçün böyük miqdarda vəsait tələb olunur (neftin kəşfiyyatı, hasilatı, daşınması, emalı). Şəkər qamışının becərilməsi üçün Peru, Karib dənizi ölkələri, Hindistan, İndoneziya, Mozambikdə əlverişli iqlim şəraiti vardır. Bu ölkələrdə şəkər qamışı, əsasən, şəkər istehsalında istifadə edilir. Avropa ölkələrində isə tərkibində nişasta və şəkər olan bitkilər, yəni buğda, sorqo, arpa, şəkər çuğunduru, kartof və s. həm də bioetanol istehsalı məqsədilə əkilir.
Biodizel xammalı - bitki və yosunlardan alınan efir yağlarıdır. Avropada biodizel üçün raps və günəbaxandan, ABŞ-da soyadan, İndoneziya və Filippində palma və kokos yağından, Braziliyada gənəgərçək lobyasının yağından istifadə olunur. Biodizel suya töküldükdə bitki və canlılara heç bir zərər vermir, suda həll olur, 28 gün sonra su hövzəsinin 99%-i biodizeldən təmizlənir.
Bioqaz. Təbii qazın bioloji əvəzedicisidir. Bioloji tullantıların emalı zamanı metan və karbon qazı ayrılır. Bioqaz elektrik enerjisinin alınmasında və ya avtomobil yanacağı kimi istifadə edilir. Bioqaz istehsalı üçün ən yararlı xammal bioloji tullantılardır: peyin, quş zılı, kanalizasiya lili, balıq və heyvan içalatı, çürümüş meyvə-tərəvəz qalıqları və s. Bioqazın istehsalı prosesində yaranan tullantılar kənd təsərrüfatı üçün əvəzsiz üzvi mənşəli gübrə hesab edilir. Belə gübrələr kimyəvi gübrələrdən daha üstündür və yeraltı sulan (xüsusilə qrunt sularını) çirkləndirmir.