Qlobal problemlər - bütün dünya ölkələrini, yaxud regionları əhatə etməklə
əhalinin həyat və fəaliyyəti üçün gələcəkdə daha ciddi təhlükə yaradan problemlərdir.
Qlobal problemlər siyasi, ekoloji və iqtisadi xarakterli olsa da, onların
yaratdığı fəsadlar bir-biri ilə bağlıdır.
Bəzi mütəxəssislər coğrafi problemlərin qloballaşmasını dünya əhalisinin artan
tələbatı ilə əlaqələndirirlər. Lakin hesablamalar göstərir ki, Yer kürəsində mövcud
olan resurslardan səmərəli istifadə olunarsa, əksər problemlərin qarşısını almaq
mümkündür. Ərzaq problemini - bioloji ehtiyatlardan düzgün istifadə, xammal
problemini - tullantıların təkrar emalı, içməli su problemini - suyun qənaətlə
istifadəsi, enerji problemini - alternativ mənbələrdən istifadə, ekoloji problemləri
- əhalinin maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması ilə həll
etmək mümkündür.
Qlobal problemləri heç bir ölkə təkbaşına həll edə bilməz. Bunun üçün dünya
ölkələrinin bütün imkanlarının birləşdirilməsi vacibdir.