XIV. NAXÇIVAN İQTİSADİ RAYONU
Mənbə
3
Naxçıvan iqtisadi rayonunun sahəsi 5,50 min km2 olub tərkibinə Naxçıvan şəhəri, Babək, Ordubad,
Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonları daxildir. Kəngərli rayonunun inzibati
mərkəzi Qıvraq qəsəbəsi, Sədərək rayonunun inzibati mərkəzi Heydərabad qəsəbəsidir. Rayonun
iqtisadi-coğrafi mövqeyinin müsbət və mənfi tərəfləri vardır. Türkiyə və İranla həmsərhəd olması,
Şərq-Qərb nəqliyyat yolunun üzərində yerləşməsi coğrafi mövqeyə müsbət təsir edirsə, Azərbaycanın
əsas hissəsindən aralıda yerləşməsi rayonun iqtisadiyyatına mənfi təsir edir. Zəngəzur dəhlizinin açılması
iqtisadi rayonu Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, onun tranzit əhəmiyyətini artıracaqdır.
Naxçıvan ərazisi relyefi Arazboyu düzənliklərdən və Zəngəzur, Dərəlyaz dağ silsilələrindən təşkil
olunmuşdur. iİqtisadi rayonda zəngin mineral ehtiyatlar vardır: polimetal filizləri (Gümüşlü yatağı), mis,
molibden (Parağaçay), daş duz (Duzdağ) tikinti materialları (mərmər, travertin, tikinti daşı, dolomit
və gips) və s. Rayondakı Sirab, Badamlı, Darıdağ, Vayxır mineral bulaqları, dağ gölləri (Batabat,
Göygöl), təbiət (İlandağ, Əshabi-Kəhf) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir.
Naxçıvan iqtisadi rayonunda enerjiyə olan tələbat Vayxır, Arpaçay SES-ləri, Naxçıvanda modul İES-lər və
günəş batareyaları hesabına ödənilir. Rayonda qida sənayesi, mebel və şüşə istehsalı müəssisələri fəaliyyət
göstərir. Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, çəyirdəkli meyvəçilik, taxılçılıq,
baramaçılıq və ətlik-südlük maldarlıqdır. Naxçıvan əhalisinin sayı 463,0 min nəfərdir (2020-ci il). Təbii artımı
hər min nəfərə 2,5 nəfərdir.