Buradakı dəmir filizi, alunit, qızıl-mis, əhəngdaşı, mərmər, gips və s. yeraltı ehtiyatlar rayonda dağmədən
sənayesi üçün baza rolunu oynayır. Yerli xammal iqtisadi rayonda kimya, qara və əlvan
metallurgiya, tikinti materialları, yüngül (pambıqtəmizləmə, xalçaçılıq) və qida (şərab, süd məhsulları
və s.) sənayesinin inkişafına təkan verir. Rayon ərazisindən keçən Kür çayı hidroenerji ehtiyatları ilə
zəngindir. Rayonda enerjiyə olan tələbat Yenikənd SES, Gəncə İES hesabına ödənilir. Zəngin landşaft
(Göygöl-Hacıkənd, Xoşbulaq), müalicəvi neft (Naftalan) turizm-istirahət-sağlamlıq ehtiyatlarıdır.
Gəncə-Daşkəsəndə əhalinin sayı 612,1 min nəfərdir (2022-ci il). Şəhər əhalisinin payı üstündür. Təbii
artım aşağıdır (hər min nəfərə 1,1 nəfər).
•Fəaliyyət-6• Suallara cavab verin: 1. Ərazidən keçən neft və qaz kəmərləri rayonun iqtisadiyyatına
necə təsir edir? 2. İqtisadi rayonun şimal və cənub hissəsində kənd təsərrüfatının hansı sahələri inkişaf
etmişdir? 3. Daşkəsəndə dəmir filizi hasilatı olduğu halda qara metallurgiyanın zəif inkişafı nə ilə
əlaqədardır?
VII. QAZAX-TOVUZ İQTİSADİ RAYONU
Mənbə
2
Mənbə
3
Qazax-Tovuz iqtisadi rayonunun sahəsi 7,03 min km2 olub tərkibinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Ərazidən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP
və Bakı-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin və avtomobil yolunun keçməsi
rayonun coğrafi mövqeyinin olduqca əlverişli olmasına imkan yaradır. İqtisadi rayonun relyefi
Kürboyu düzənliklərdən və yüksəkliklərdən ibarətdir. Qazax-Tovuz iqtisadi rayonunda qızıl, mis,
əhəngdaşı, bentonit gili, seolit ehtiyatları vardır. Gədəbəy rayonunda dağ-mədən sənayesi (mis və
qızıl hasilatı) qədim dövrlərdən inkişaf etmişdir. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq
kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Rayonda enerjiyə olan tələbat Kür çayı üzərindəki
Şəmkirçay SES ilə ödənilir. Əlverişli təbii şərait, zəngin landşaft, mineral bulaqlar, meşələr təbiirekreasiya
ehtiyatlarıdır.
Qazax-Tovuz iqtisadi rayonunda əhalinin sayı 690,6 min nəfərdir (2022-ci il).
•Fəaliyyət-7• Situasiya tapşırıqlarına cavab verin: 1. Kürün sağ və sol sahilində inkişaf etdirilən kənd
təsərrüfatı sahələrini müvafiq ardıcıllıqla yazın. 2. Sol sahildə sənaye sahələrinin inkişaf etməməsinin
hansı səbəbləri ola bilər? 3. Orada hansı sənaye sahələrini inkişaf etdirmək mümkündür?