Dağlıq Şirvan iqtisadi rayonunun sahəsi 6,13 min km2 bərabərdir. Tərkibinə Şamaxı, İsmayıllı, Ağsu və
Qobustan inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir.
Xarici ölkəyə və ya Xəzər dənizinə çıxışı olmadığı üçün rayonun coğrafi mövqeyi əlverişsizdir. Ərazinin
relyefi, əsasən, dağlıqdır. Bu isə nəqliyyat yollarının çəkilməsi və istifadəsində (xüsusən qış aylarında)
çətinlik törədir. İqtisadi rayonun əsas ehtiyatları yanar şist, tikinti materialları, mineral sular, iqlimbalneoloji ehtiyatlar, meşələrdir.
Dağlıq Şirvanın əhalisinin sayı 326,8 min nəfərdir (2022-ci il). İqtisadi rayon üzümçülük, taxılçılıq,
baramaçılıq, arıçılıq, maldarlıq və qoyunçuluq məhsullarının istehsalı (şərab, süd məhsulları, pendir
və s.) və onları emal edən sahələrinin inkişafına görə fərqlənir. İqtisadi rayonda xalçaçılq (Şamaxı),
ipəkçilik (Basqal), misgərlik (Lahıc) kimi qədim sənətkalıq sahələri yerli və gələn qonaqların marağına
səbəb olur.
Gəncə-Daşkəsən iqtisadi rayonunun sahəsi 5,27 min km2 olub tərkibinə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları daxildir. İqtisadi rayon əlverişli coğrafi mövqeyə malikdir: o, Azərbaycanı Türkiyə və Qərb ölkələri ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Əlverişli təbii şərait və zəngin mineral sərvətlər bu rayonu digər iqtisadi rayonlardan fərqləndirir.