1930-cu illərdə ABŞ, Kanada və Böyük Britaniyanın kənd təsərrüfatının inkişafında “Yaşıl inqilab” dövrü başladı. “Yaşıl inqilab” yüksək məhsuldarlığa malik olan taxıl sortlarının əldə edilməsini, aqrotexniki qaydaların kənd təsərrüfatına tətbiqini, suvarılan sahələrin genişləndirilməsini, gübrələrin və zərərvericilərə qarşı dərman preparatlarının geniş istifadəsini nəzərdə tutur. Suvarmanın düzgün aparılmaması, eyni zamanda yeraltı suların çirklənməsi bataqlıqlaşma, torpaqların şoranlaşması və s. ekoloji problemlərlə nəticələnir.
1980-ci ildən başlayaraq kənd təsərrüfatının inkişafında “Biotexnoloji inqilab” dövrü başlayır. Biotexnoloji inqilabın əsas məqsədi bitkilərin təbii şəraitdən asılılığını azaltmaqdır.
Hazırda kənd təsərrüfatının inkişafında iki istiqamət mövcuddur.
Birinci istiqamət - "orqanik ” (üzvi) kənd təsərrüfatı məhsullarının becərilməsidir. Orqanik məhsulları əldə etmək üçün süni gübrələr, pestisid və kimyəvi maddələrdən istifadə olunmur. Bu zaman növbəli əkin sistemi tətbiq olunur. Torpaqlara gübrə kimi bitki tullantıları və mal peyini verilir. Zərərvericilərə qarşı təbii mübarizə üsulları və s. tədbirlər həyata keçirilir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin olunmasında orqanik əkinçilikdən istifadə edilir. Hazırda bu məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2-3%- ni təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Bu məhsullar zərərvericilərə qarşı davamsızdır. Orqanik əkinçilikdə məhsuldarlıq aşağıdır. Lakin məhsullar ekoloji cəhətdən təmizdir. Buna görə də məhsulların qiymətləri çox yüksək olur. Hazırda İEÖ-lərin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə üstünlük verilir. Bu sahədə Almaniya və Avstriya daha çox fərqlənir.
İkinci istiqamət - Genetikası Modifıkasiya Olunmuş (GMO) məhsulların istehsalıdır. Bu zaman bitki və heyvanların genləri dəyişdirilərək “yeni orqanizm”lər yaradılır. Həmin orqanizmlər xəstəliklərə, zərərvericilərə, şaxtaya və quraqlığa dayanıqlı olurlar. Belə məhsullar ilk dəfə 1983-cü ildə ABŞ-da soya, qarğıdalı, xiyar, pambıq, kartof, boranı və s. bitkilərin üzərində təcrübələr aparılaraq əldə edilmişdir. 1994-cü ildə isə bu məhsullar satışa çıxarılmışdır. Hazırda GMO məhsullarının əkin sahələri ilkin dövrlə müqayisədə 36 dəfə artırılmışdır.