İqtisadi inkişaf səviyyəsinin artması sənayenin tərkibinə daxil olan sahələrin payında da dəyişikliklərin yaranması ilə nəticələnmişdir.
Hazırda ən yeni sənaye sahələrinin xüsusi çəkisi artmış, ənənəvi sahələrin payı isə azalmışdır.
Sənayenin bəzi sahələri üzrə üstünlük İEO-lərdən İEOÖ-lərə keçmişdir. Bu, ağır sənayenin ekoloji cəhətdən bəzi “çirkli” sahələrinin (kimya, qara metallurgiya və s.) İEOÖ-lərə “köçürülməsi” prosesi ilə əlaqədardır. İEOÖ-lərdə zəngin xammal və kifayət qədər ucuz işçi qüvvəsinin olması hasilat sənayesinin sürətlə inkişafına gətirib çıxarır. Bu ölkələr yüngül sənaye sahələrinin inkişaf sürətinə görə də qabaqcıl mövqedədir. Buna baxmayaraq sənaye məhsullarının istehsalında İEÖ-lər liderliyini saxlayır. ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri sənayenin yüksək səviyyəsinə daha əvvəl çatmış və hazırda da öz üstünlüklərini saxlamaqdadır. Bu ölkələr bahalı və elm tutumlu istehsal sahələrinin məhsulları üzrə ixtisaslaşmışdır.
Maddi istehsalın ikinci mühüm sahəsi kənd təsərrüfatıdır. Kənd təsərrüfatının strukturu (əkinçilik və heyvandarlıq) bilavasitə təbii şəraitdən asılıdır. Günəş istiliyinin bol olduğu ərazilərdə pambıq, çay, çəltik, qəhvə, kakao və bu kimi ixracat istiqamətli bitkilərin becərilməsinə geniş imkanlar vardır. Bu bitkilərin əkin sahələri Misir, Braziliya, Meksika, İndoneziya, Hindistan, Nigeriya və digər tropik ölkələrdə daha çoxdur.
Bu sahə əhalinin ərzaqla təmin olunmasında mühüm rol oynayır. Dünya əhalisinin sayının sürətlə artması kənd təsərrüfatında ekstensiv inkişafdan (yəni sahə vahidinin və işçi qüvvəsinin sayını artırmaqla, ənənəvi avadanlıqları bərpa etməklə məhsul vahidinin artırılması) intensiv inkişafa (yəni elmi-texniki tərəqqinin son nailiyyətlərini tətbiq etməklə məhsul vahidinin artırılması) keçmək zərurəti yaradır.