Ölkələrin beynəlxalq iqtisadi münasibətlərdəki iştirakı onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. İqtisadi inkişafın səviyyəsi müxtəlif amillərdən asılıdır.
İqtisadi inkişaf səviyyəsinin yüksək olması bütün sahələrin eyni vaxtda inkişaf etdirilməsindən asılıdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sahə üzrə qurulması məqsədəuyğun deyildir. Çünki iqtisadiyyatının yalnız bir sahədən asılılığı həmin ölkə üçün iqtisadi böhran təhlükəsi yarada bilər (“Holland sindromu”).
Müasir dövrdə dünyanın əksər ölkələri öz iqtisadi sabitliyini qorumaq üçün müxtəlif yollar axtarır. Onlardan biri də iqtisadi inkişaf modellərinin qurulması və onların tətbiq edilməsidir. İqtisadi modellər ölkələrin inkişaf səviyyəsi və təsərrüfat formalarından asılı olaraq bir-birindən fərqlənir.
Ölkə | İqtisadi inkişaf modellərinin xüsusiyyətləri |
ABŞ modeli |
Dövlət mülkiyyətinin həcmi azdır.Ticarətdə məhdudiyyət yoxdur. Bütün sahələrdə yüksək səviyyəli innovasiya tətbiq edilir. Daxili və xarici bazarın həcmi böyükdür, inhisarçılığa yol verilmir. Kiçik sahibkarlıq dəstəklənir, aztəminatlı əhali normal həyat tərzinə malikdir. |
Yapon modeli |
Dünya bazarında lider mövqeyə malikdir. İri şirkətlər mövcuddur. Kiçik biznesə daha çox investisiya qoyulur. Milli məqsədlər naminə dövlət və qeyri-dövlət strukturları arasında qarşılıqlı əlaqə vardır. İnsan amili yüksəkdir. Daimi işlə təminata zəmanət verilir. Bütün sahələrdə uzunmüddətli planlaşdırılma aparılır. |
Alman modeli |
Dövlət mülkiyyəti daha çoxdur. Dövlətin bazar iqtisadiyyatına təsiri güclüdür. Bazar iqtisadiyyatı sosial yönümlüdür və tənzimlənir. İqtisadi göstəricilər proqnozlaşdırılır. Əhalinin əməkhaqlarında fərq böyük deyil. |
Çin modeli |
Dövlət planlaşdırılması ilə bazar münasibətləri uyğunluğu mərkəzləşdirilmişdir. Dövlət sektorunun gücü böyükdür. Müəssisələrarası əlaqələr sıxdır. |