“Ələddinin sehrli çırağı” nağılı hər kəsə məlumdur. Kiçik bir çıraq ani vaxt ərzində
nəhəng saraylar tikməyə, meyvə bağlarını salmağa, qasırğa və tufanlar yaratmağa,
uzaq yerlərə səfər etməyə qadirdir. Çırağa toxunmaq kifayətdir ki, ağlasığmaz
arzular həyata keçsin.
Müasir dövrdə təsərrüfatın müxtəlif sahələrinə elmi-texniki tərəqqini tətbiq
etməklə müsbət iqtisadi dəyişikliklərə nail olmaq mümkündür. Hazırda sənaye və
kənd təsərrüfatının inkişaf səviyyəsi yüksək həddə çatmışdır. Lakin iqtisadi
inkişafın səviyyəsi dünyanın müxtəlif ölkələrində kəskin fərqlənir. Planetin bəzi
regionlarında əhalinin tələbatı, əsasən, ödənildiyi halda, digər ərazilərdə aclıq və
səfalətin hökm sürdüyünü təsəvvürə gətirmək çətindir.
Yaşayış məntəqələri, kilometrlərlə uzanan yollar, saysız-hesabsız nəqliyyat
vasitələri, zavod və fabriklər, elektrik stansiyaları, hektarlarla becərilən tarlalar,
bağlar və s. Yer kürəsinin cəmi 3% ərazisini əhatə edir.