Bir gün Ulaş oğlı, Tulu quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın yiyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xubyüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.
İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm aslan bəglər, sözüm dislən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!
Üc yüz yügidlən oğlum Uruz mənim evim üstinə dersun!” - dedi.