Salur Qazan Qonur atını çəkdirdi, mindi. Qalın Oğuz bəyləri atlandılar. Böyük qoşun Ala dağa ova çıxdı.
Kafirlərin (casusu, cəsusu) bunu gördü. Çuğul gedib, Şöklü Məliyə xəbər verdi. Yeddi min kafir mindi çapdı, gecə yarısı Qazan bəyin yurduna gəldi. Kafirlər onun qızıl tağlı evlərini çalıb-çapdılar, qız-gəlinini əsir aldılar. Tövlə-tövlə (şahanə, heybətli) atlarını mindilər, qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini talan etdilər. Qırx incə belli qız ilə Boyu uzun Burla xatun əsir getdi. Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əli bağlı, boynu bağlı getdi.
Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü.
Hövlnak ayağa durdu. Qabangücü və Dəmirgücü adlı iki qardaşını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç yerdə təpə kimi daş yığdı, ala qollu sapandını əlinə aldı.
Qazanın bu işlərdən xəbəri yox idi.
...O gecə Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü, hövlnak ayağa durdu. Dedi: “Qardaşım Qaragünə , bilirsənmi, yuxumda nə gördüm? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Xan qardaşım, mənim bu yuxumu yoz mənimçin!”.
Qardaşı deyir: “Qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qan qanqaralıqdır. Qalanın yoza bilmərəm”.
...Qazan bəy Qonur atını mahmızladı, yola çıxdı. Gəlib-gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb, quzğun dolaşır. Yurduna dedi:
...Qazanın qara qıyıq gözləri qan-yaş doldu. Qanı damarlarında qaynadı. Qara bağrı sarsıldı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Qazan dedi: “Su Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim!”